HACI ALLAHŞÜKÜR PAŞAZADƏNİN ŞEYXÜLİSLAMLIQ FƏALİYYƏTİNİN 25 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-PRAKTİK KONFRANS
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanı ziyarət edərək, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarı önünə əklil qoydular. Onlar Şəhidlər xiyabanına da gedərək, “Əbədi məşəl” abidəsi önünə gül-çiçək düzdülər.
Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, AMEA-nın müxbir üzvü Vasim Məmmədəliyev 1823-cü ildə Cənubi Qafqazda şeyxülislamlıq təsis edildikdən sonra sayca 12-ci şeyxülislam olan hacı Allahşükür Paşazadənin həyat və fəaliyyətindən danışdı.
1980-ci ildə A.Paşazadə Cənubi Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilmiş və Şeyxülislam kimi yüksək rütbə almışdır.
Milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrik məktubunu oxudu.
Şeyxülislam hacı Allahşükür Paşazadəni bu yüksək vəzifədə olmasının 25 illiyi münasibətilə Türkiyə Cümhuriyyəti Baş nazirinin müavini Akif Gül, Ümumgürcüstan katolikos-patriarxı II İlia Prezident Mixail Saakaşvilinin, Gürcüstan pravoslavlarının adından və şəxsən öz adlarından təbrik etdilər.
Rusiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Pyotr Burdıkin RF Prezidenti Vladimir Putinin təbrik məktubunu oxuyaraq, münaqişəli vəziyyətlərin tənzimlənməsində ölkəmizin dini liderinin rolunu vurğuladı. Vatikan Dövlətinin Azərbaycandakı apostol nümayəndəsi Klaudio Qucerotti yubilyarı Roma Papası XVI Benediktin adında təbrik etdi.
Rusiya Müftilər Şurasının sədri Ravil Qaynuddin hacı Allahşükür Paşazadənin dinlərarası münasibətlərin möhkəmlənməsinə görkəmli töhfəsinə və müsəlman ümmətinə çoxillik xidmətinə görə Rusiyanın ali müsəlman ordeni – “Fəxr” ordeni ilə təltif olunması haqqında Fərmanı oxudu.
Şeyxülislamı Rus Pravoslav Kilsəsi Bakı və Xəzəryanı bölgə yeparxiyasının başçısı Aleksandr ata, Azərbaycanın yəhudi icmaları adından Semyon İxiilov, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və digər MDB ölkələrinin, Şimali Kipr, Bolqarıstan və Kosovonun müftiləri, İslam Konfransı Təşkilatının nümayəndəsi Xalid Ərən, xarici ölkələrin respublikamızda akkreditə olunmuş səfirləri də təbrik etdilər.
Sonda şeyxülislam hacı Allahşükür Paşazadə bütün konfrans iştirakçılarına səmimi təşəkkürünü bildirdi.
Yubiley yığıncağında Azərbaycanın Baş naziri Artur Rasizadə, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin və Milli Məclis sədrinin müavinləri, nazirlər, parlamentin deputatları, xarici ölkələrin səfirləri iştirak edirdilər.