Hacıqabulda bu günə kimi 312 kiloqram barama istehsal olunub
Hacıqabul, 9 iyun, Mahir Babayev, AZƏRTAC
Dördüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilir. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılanır. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq, barama istehsalı ilə məşğul olmağa başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 59 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq, mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı nəticə əldə edilib. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 312 kiloqram barama təhvil verilib. Rayonun xüsusən Abdullabad, Qarasu, Nəvahi və Meyniman kəndlərinin kümçüləri yüksəkkeyfiyyətli məhsul təhvil verirlər.
Kümçü Elçin Xəlilov üçüncü ildir ki, ipəkqurdu toxumu götürüb. “Rayonda barama istehsalına yenidən başlanması mənim də ürəyimcə olub. Bu il 1 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 50 kiloqram barama tədarük etmişəm. Hələ kümxanada toplanmamış məhsulum var. Hesablamama görə, bundan sonra daha 10 kiloqrama yaxın barama təhvil verəcəyəm”, - deyə kümçü bildirib.
Rayonda barama tədarükü davam edir.
Qeyd edək ki, bu il Hacıqabulda 2 ton 912 kiloqram barama istehsalı nəzərdə tutulub.