Hafiz Səfixanov: Azərbaycan qlobal səviyyədə humanitar minatəmizləmə prosesinə töhfə verir
Bakı, 27 may, AZƏRTAC
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə Ağdam və Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə - dayanıqlı inkişafa gedən yol” mövzusunda ikinci beynəlxalq humanitar minatəmizləmə konfransının əsas məqsədi Azərbaycanın üzləşdiyi mina probleminin miqyası və törətdiyi fəsadları beynəlxalq ictimaiyyətin və mina təhlükəsi ilə mübarizədə maraqlı olan tərəflərin diqqətinə çatdırmaqdan ibarət idi. Mən özüm də bu konfransda iştirak etdim. Hesab edirəm ki, konfrans çərçivəsində aparılan müzakirələr minatəmizləmə sahəsində birgə səylərin səfərbər olunmasına və qlobal səviyyədə problemin həlli istiqamətində yeni ideya və təşəbbüslərin irəli sürülməsinə töhfə verdi. Azərbaycanın ev sahibliyi etdiyi konfransda 51 ölkəni təmsil edən 190-a yaxın rəsmi şəxs - sabiq dövlət və hökumət başçıları, bir sıra ölkələrin parlament üzvləri, BMT baş ofisinin rəhbər heyəti, eləcə də Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri iştirak etdi. Düşünürəm ki, konfrans mina təhlükəsi ilə mübarizə istiqamətində qlobal həmrəylik nümayiş etdirərək, yeni tərəfdaşlıqlar qurmaq və minasız dünyaya yol açacaq konkret fəaliyyət planları hazırlamaq üçün bir imkan yaratdı.
Bunu AZƏRTAC-a açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.
Bildirib ki, “Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələr sırasındadır. İşğal dövründə bu ərazilərdə təxminən 1,5 milyondan çox mina basdırılıb. Vətən müharibəsindən sonra bu günədək 302 Azərbaycan vətəndaşı mina qurbanı olub. Onlardan 57-si həlak olub, 245-i isə yaralanıb. Ümumilikdə isə Ermənistanın hərbi təcavüzünün başladığı dövrdən indiyədək 3400-ə yaxın Azərbaycan vətəndaşı minalardan zərər çəkib, onlardan 587-i həyatını itirib. Münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam edib, 44 günlük müharibədən sonra ərazimizdə 2021-ci il Ermənistan istehsalı olan 2700-dən çox piyada əleyhinə mina aşkarlanıb”, - deyə H.Səfixanov qeyd edib.
İctimai Birliyin sədri deyib ki, humanitar minatəmizləmə Azərbaycan dövlət siyasətinin əsas prioritetlərindən biridir. Bu siyasətin əsası Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qoyulub və 25 il əvvəl ANAMA yaradılıb. Bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir. Minatəmizləmə fəaliyyətimizin 90 faizindən çoxu ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi hələ ki, çox məhduddur. Azərbaycan qlobal səviyyədə də humanitar minatəmizləmə prosesinə töhfə verir - Azərbaycan humanitar minatəmizləmənin BMT-nin qlobal 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi təsis edilməsi təşəbbüsü ilə çıxış edib, Qoşulmama Hərəkatında da Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun yaradılması ideyası üzərində iş gedir.