Hakimliyə namizədlərin yazılı imtahanı ilk dəfə elektron qaydada keçirilib
Bakı, 22 dekabr, AZƏRTAC
Test imtahanında müvəffəqiyyət qazanmış 154 hakimliyə namizədin yazılı imtahanı ilk dəfə olaraq elektron qaydada dekabrın 22-də keçirilib.
AZƏRTAC xəbər verir ki, imtahandan əvvəl Hakimlərin Seçki Komitəsi Dövlət İmtahan Mərkəzinin binasındakı qapalı iclasda cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb. Onlar dərhal imtahan zalına gətirilib. Namizədlər onlar arasından təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid olmaqla sualları seçiblər.
Dörd saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla yanaşı, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlis izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Anonimləşdirilmiş cavab vərəqələri ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə yaxın zamanda nəticələr elan olunacaq.
Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu fasiləsiz olaraq davam edir.
Qeyd edək ki, hazırda vakant olan hakim ştatlarının yüksək biliyə və mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslar hesabına komplektləşdirilməsi məqsədilə imtahanların keçirilməsi davam etdirilir. Seçim prosesinin sürətləndirilməsi və namizədlər üçün daha əlverişli şəraitin yaradılması istiqamətində Məhkəmə Hüquq Şurası tərəfindən ardıcıl addımlar atılır.
Müsabiqənin bütün mərhələlərini müvəffəqiyyətlə başa vurmuş 155 nəfər hakimliyə namizəd Azərbaycan Prezidentinin sərəncamları ilə müvafiq birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 250-dən çox namizəd isə hazırda seçimin müxtəlif mərhələlərində iştirak edirlər.