Hava Nəqliyyatında Baş Gömrük İdarəsində Xarici ticarət iştirakçıları ilə görüş olub
Bakı, 4 mart, AZƏRTAC
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a bildirilib ki, görüş gömrük-biznes dialoqunun gücləndirilməsi, xarici ticarət iştirakçıları üçün gömrük sahəsində daha münbit şəraitin yaradılması, qəbul edilən qərarlar, yeniliklərlə bağlı biznes nümayəndələrinin təklif və rəylərinin əvvəlcədən öyrənilərək tətbiq edilməsi məqsədilə təşkil olunub.
Görüşdə gömrük əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların rasionallığının artırılması, məmnunluğun, əlçatanlığın gücləndirilməsi məqsədilə tətbiq edilən yeniliklərdən bəhs olunub. Həmçinin “Elektron hesab səhifəsi” yeni elektron xidmətindən istifadə qaydaları onlayn rejimdə izah edilib, yeniliyin faydaları barədə məlumat verilib.
İyirmi beş şirkət nümayəndəsinin iştirak etdiyi görüşdə xarici ticarət iştirakçılarının gömrük əməliyyatlarının sürətləndirilməsi, xüsusilə tez xarab olan malların rəsmiləşdirilməsi ilə bağlı ünvanladıqları suallar ətraflı cavablandırılıb, təklif və rəylər dinlənilib.