İQTİSADİYYAT
Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

Bakı, 2 oktyabr, AZƏRTAC
Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Baş katibi Haysam Əl-Qays bazar ertəsi Əbu-Dabidə enerji sənayesi tədbirində deyib ki, OPEC xam neftə tələbatın artması məsələsində nikbindir, amma investisiya qoyuluşunun azalmasını enerji təhlükəsizliyi üçün risk hesab edir.
AZƏRTAC “Emirates” agentliyinə istinadla xəbər verir ki, Haysam Əl-Qays neft və qaz sənayesinə investisiya qoyuluşunun davam etdirilməsinin vacibliyini vurğulayıb və bu sektora sərmayə qoyuluşunu dayandırmaq çağırışlarını tənqid edib. OPEC-in illik proqnozunun gündəlik 2,3 milyon bareldən çox tələb artımı olduğunu qeyd edən Baş katib deyib: “Biz ötən il olduğu kimi, bu il də neftə tələbatın artmasının kifayət qədər davamlı olduğunu görürük". O əlavə edib ki, neft-qaz sektoruna investisiyalar enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. “Bizim karbohidrogen ehtiyatları üzrə potensialımız kifayət qədər azdır, biz bunu dəfələrlə demişik və bu vəziyyətin yaxşılaşması sektora sərmayə qoymağın vacibliyini görmək istəyən bütün maraqlı tərəflərin birgə səylərini tələb edir”, -deyə Haysam Əl-Qays vurğulayıb.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika naziri Suhail əl-Mazrouei də OPEC-in Baş katibinin investorlara çağırışını təkrar edib. O, həm beynəlxalq, həm də milli neft şirkətlərinin investisiyaya ehtiyacı olduğunu deyib. BƏƏ-nin naziri əlavə edib: “Bu investisiyalara nail olmaq üçün maliyyə dünyasının neft və qazı maliyyələşdirməyə hazır olması lazımdır". O, daha sonra jurnalistlərə bildirib ki, ölkəsi neft hasilatını hazırda olan sutkada 4,2 milyon bareldən 2027-ci ilə qədər 5 milyon barelə çatdırmaq niyyətindədir.