Həkim-pasiyent fəallığının qiymətləndirilməsini dəstəkləyən konseptual model təklif olunub
Bakı, 23 dekabr, AZƏRTAC
Tibbi sosial media resurslarının kontent-statistik analizi əsasında həkim-pasiyent fəallığının qiymətləndirilməsi və səmərəli tibbi qərarların qəbulunu dəstəkləyən konseptual model təklif olunub.
Texnika elmləri doktoru Məsumə Məmmədovanın, texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovanın və İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı Aytac İsayevanın həmmüəllifi olduğu “Sosial mediada əldə edilmiş məlumatların tibbi qərarlar üçün istifadəsinə konseptual yanaşma” adlı məqalə “Web of Science” elmi bazasına daxil olan jurnalda (“Online Journal of Communication and Media Technologies”) dərc olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə institutun 2020-ci il üzrə mühüm elmi nəticələrinin müzakirəsinə həsr olunmuş onlayn elmi seminarında məlumat verilib.
İnstitutun şöbə müdiri Məsumə Məmmədova qeyd edib ki, tədqiqat çərçivəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, qəbul olunan tibbi qərarların səmərəliliyinin artırılması üçün kütlə rəyinin nəzərə alınmasının vacibliyi nəzərə alınaraq, tibbi sosial media mühitində mövcud ixtisaslaşmış şəbəkələr analiz olunub, onların istiqamətləri, əsas subyektləri və obyektləri müəyyənləşdirilib.
Məruzəçinin sözlərinə görə, tədqiqat zamanı sosial medianın həkim-pasiyent seqmentində toplanan informasiyanın kontent-statistik analizi aparılıb və nəticələr əsasında maraqlı tərəflərin tibbi sosial media məkanında fəallığının qiymətləndirilməsi üçün zəruri olan yeni informativ parametrlər sistemi işlənilib.