Həmyerlimiz Monteneqronun “Tv7” kanalına müsahibəsində Qanlı Yanvar faciəsindən danışıb
Podqoritsa, 20 yanvar, AZƏRTAC
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru Seyran Mirzəzadə Monteneqronun “TV7” televiziya kanalının səhər verilişində 20 Yanvar faciəsi barədə geniş məlumat verib.
AZƏRTAC xəbər verir ki, mərkəzin direktoru Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğından 32 il ötdüyünü, 20 Yanvar gününün Azərbaycan tarixinin faciəli və kədərli səhifəsi olmaqla yanaşı, eləcə də qəhrəmanlıq və rəşadət səhifəsi olduğunu bildirib.
S.Mirzəzadə Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olduğunu deyib. Qeyd edib ki, 1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda şəhidlər verib. Məhz ümummilli lider Heydər Əliyevin sayəsində isə 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Yanvarın 21-də ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib. 1990-cı ilin iyulunda isə Moskvadan Azərbaycana qayıdan Ümummilli Liderin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul olunub. Ulu öndər Heydər Əliyev sayəsində yanvarın 20-si Ümumxalq Hüzn Günü elan olunub, Şəhidlər xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldılıb, şəhidlərin xatirəsi əbədiləşdirilib.
Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin direktoru bildirib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu bu gün şaddır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz xalqımızın 30 illik həsrətinə son qoyub, torpaqlarımızı erməni işğalından azad edib və hazırda həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
S.Mirzəzadə, həmçinin Azərbaycan-Monteneqro Mədəni və İqtisadi Mərkəzinin 2022-ci ildəki hədəfləri və planlarından da söhbət açıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Podqoritsa