Həmyerlimiz Murmansk vilayətinin “Materinskaya slava” Fəxri nişanı ilə təltif olunmuşdur
Bakı, 16 may (AZƏRTAC). Rusiyanın Murmansk şəhərində Murmansk, Novqorod və Kostroma vilayətləri sakinlərinin iştirakı ilə “Pod znakom semyi” ailə yaradıcılığı festivalı keçirilmişdir.
“Materinskaya slava” Fəxri nişanının, Murmansk vilayəti qubernatorunun xatirə təbriknaməsinin təqdimatı, müxtəlif bələdiyyələrin ən yaxşı ailələrinin alqışlanması festivalın əlamətdar hadisələri olmuşdur.
Azərbaycan diasporunun nümayəndəsi Əlihüseyn Şükürov AZƏRTAC-a bildirmişdir ki, bu il Murmanskın “Materinskaya slava” Fəxri nişanına Peçenqa qəsəbəsində yaşayan həmyerlimiz Natavan Hümbətova layiq görülmüşdür. Hümbətovlar ailəsinin 5 övladı - 1 oğlu, 4 qızı vardır.
Ailə bayramında “Materinskaya slava” nişanına Natavan Hümbətovadan başqa Yelena Astaxova (Kirov şəhəri), Nataliya Vyalova (Zaozersk şəhəri), Anna Qoryunova (Monçeqorsk şəhəri), Pavlina Kovalçuk (Peçensk rayonu), Tatyana Lujevskaya (Murmansk şəhəri), Svetlana Sasova (Tresk rayonu) da layiq görülmüşlər. Mükafatı vilayətin başçısı Marina Kovtun təqdim etmişdir.
Daha 22 ailə Murmansk qubernatorunun Fəxri təbriknaməsi verilmişdir.
M.Kovtun demişdir: “Vilayətimizdə yaxşı ailələr çoxdur. Valideyn borcunuzu layiqincə yerinə yetirdiyiniz üçün sizə təşəkkürümü bildirirəm. Övladlarınız da sizi sevindirirlər. Deməli, onlar gələcəkdə əsil vətəndaş olacaqlar və biz onlara güvənə biləcəyik”.
Qubernator vurğulamışdır ki, hər il Murmansk vilayətində 7 minə yaxın yeni ailə qurulur. Eyni zamanda, boşanmaların sayı azalır, çoxuşaqlı ailələrin sayı isə artır. Bu müsbət meyllər həm də Murmansk vilayəti hökumətinin sosial siyasətinin nəticəsidir. Məsələn, bu ilin yanvarında çoxuşaqlı ailələrə pulsuz torpaq sahələrinin verilməsi barədə qanun qəbul edilmişdir, regional ana kapitalı ödənilir və s.
M.Kovtun demişdir: “Bu, olduqca vacibdir, çünki xoşbəxt uşaqlar və xoşbəxt ailələr cəmiyyətimizin təməlidir”.