Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib
Bakı, 29 yanvar, AZƏRTAC
Həndbol üzrə Azərbaycan çempionatlarında VIII turun oyunları keçirilib.
Qadınların yarışında tura “Bakı” - “Kür” görüşü ilə start verilib. Oyunun aşkar favoriti sayılan Mingəçevir təmsilçisi gözlənildiyi kimi aktivinə növbəti qələbəni yazdırıb - 44:12.
Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “İdman Akademiyası” - “Azəryol” matçı da daha təcrübəli oyunçulardan ibarət olan komandanın xeyrinə nəticələnib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol” meydandan inamlı qələbə ilə ayrılıb - 17:40. Turun son qarşılaşmasında isə “Qarabağ” “Gənclər Birliyi”ni böyük hesablı məğlubiyyətə uğradıb - 39:10.
“Qarabağ” 14 xalla çempionatın lideridir. “Azəryol”un 13, “Kür”ün 11 xalı var. “İdman Akademiyası” ilə “Bakı” hərəyə 6 xalla 4-5-ci yerləri bölüşür. Autsayder “Gənclər Birliyi” hələ xal qazana bilməyib.
Kişilərin yarışında VIII tur “Təhsil” - “Kür” matçı ilə başlanıb. Qonaqların tam üstünlüyü ilə yadda qalan oyun 22:40 hesabı ilə nəticələnib. “Qarabağ” - “Azəryol” görüşündə ikincilərin qələbəsinə inananlar yanılmayıblar. İnamlı oyun göstərən “Azəryol” azarkeşlərinin etimadını doğruldub - 36:29.
Turun ən gərgin və maraqlı qarşılaşması “Dinamo” və “İdman Akademiyası” komandaları arasında olub. Nominal ev sahibləri fasiləyə bir xallıq üstünlüklə yollansalar da görüş 26:26 hesabı ilə başa çatıb.
Aktivində 14 xalı olan “Kür” çempionatın lideridir. “Azəryol” ondan 4 xal geri qalır. “Bakı” ilə “Qarabağ”ın hərəyə 8, “Dinamo” ilə “İdman Akademiyası”nın 3 xalı var. “Təhsil” 2 xalla autsayderdir.