“Heydər Əliyev məktəbi” iştirakçıları üçün yaradıcılıq müsabiqəsi və simulyasiya oyunu təşkil edilib
Bakı, 25 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və partiyanın İsmayıllı rayon təşkilatının birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində keçirilən “Heydər Əliyev məktəbi” layihəsinin üçüncü günündə gənc fəallarla “Azərbaycançılıq məfkurəsi və milli dəyərlər sisteminin inkişafı” mövzusunda görüş təşkil olunub.
Partiyadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvləri, Milli Məclisin deputatları Hikmət Babaoğlu və Elnarə Akimova, eləcə də YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva azərbaycançılıq məfkurəsinin milli kimliyin qorunmasında, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rolunu vurğulayıblar.
Çıxışlarda 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin xalqın birliyinin, milli-mənəvi dəyərlərə bağlılığının və Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasətinin nəticəsi olduğu qeyd edilib.
Daha sonra iştirakçılar arasında “Mənim xəyalımdakı ağıllı kənd” mövzusunda yaradıcılıq müsabiqəsi və “Diplomatik Danışıqlar” simulyasiya oyunu keçirilib. Proqram çərçivəsində gənclər üçün Basqal qəsəbəsinə ekskursiya da təşkil olunub.