Heydər Əliyev irsi bugünkü uğurlarımızı şərtləndirir
Bakı, 22 iyun, AZƏRTAC
“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində iyunun 22-də YAP Şamaxı rayon təşkilatı “Nə qədər ki, Azərbaycan var, mən də varam” mövzusunda tədbir keçirib.
YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tarixi şəxsiyyət, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqının taleyində misilsiz rolundan danışıb. O bildirib ki, Azərbaycan tarixinin bütöv bir dövrü Heydər Əliyevin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlıdır.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan-Fransız Universitetinin icraçı direktoru Vazeh Əsgərov Ulu Öndər Heydər Əliyevin elm və təhsil sahəsində həyata keçirdiyi genişmiqyaslı islahatlardan söz açıb və onun əvəzsiz xidmətlərinin Azərbaycan xalqı tərəfindən daim yüksək qiymətləndirildiyini vurğulayıb.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov qeyd edib ki, Heydər Əliyev bütün həyatı boyu doğma xalqının inkişaf və tərəqqisi uğrunda çalışıb, Azərbaycanı üzləşdiyi çətinliklərdən xilas edib, ölkəmizə böyük uğurlar qazandırmış dahi şəxsiyyətdir.
Şamaxı Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Hüseynov, Şamaxı Dövlət Regional Kollecinin müdiri İlham Vəliyev müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin mənalı və şərəfli həyat yolu, zəngin və çoxşaxəli irsi barədə ətraflı danışıblar.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri fərmanlar, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.