“HEYDƏR ƏLİYEV KUBOKU” UĞRUNDA KONKUR ÜZRƏ BEYNƏLXALQ TURNİRİN İLK GÜNÜNDƏ AZƏRBAYCAN İDMANÇILARI FƏRQLƏNMİŞLƏR
AZƏRTAC xəbər verir ki, mayın 10-da Bakı Dövlət Cıdır Meydanında “Günay” Atçılıq İdman Klubunun təşkilatçılığı ilə ümummilli liderin 85 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda konkur üzrə ənənəvi 5-ci beynəlxalq turnir start götürmüşdür.
Yarışların ilk günündə idmançılar “Xəzər Kuboku”na sahib olmaq uğrunda mübarizə aparmışlar. Bu mərhələdə jokeylər müəyyən edilmiş marşrut boyu 1 metr 20 santimetr hündürlükdəki maneələri dəf etməli olmuşlar. Birincilik uğrunda mübarizəyə qoşulan idmançılar - Ramiz Rzayev (“Günay” Atçılıq İdman Klubu, Azərbaycan) “Razborçivıy”, “Qrad” və “Qroq” ləqəbli atlarla, Roin Margiani (“Eskadron” Atçılıq İdman Klubu, Gürcüstan) “Zeka” və “Kxedi” ləqəbli atlarla, Seyid Musayev (“Günay” klubu) “Rodriqo” və “Qrom” ləqəbli atlarla, Georgi Tokadze (Tbilisi Cıdır Meydanı) “Sulqrdzeli” ləqəbli atla, İvan Norakidze (Tbilisi Cıdır Meydanı) “Errosi” ləqəbli atla, Şalva Qoçaçiladze (Tbilisi Cıdır Meydanı) “Asparezi” ləqəbli atla müəyyən edilmiş maneələri dəf etməyə çalışmışlar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Azərbaycan jokeyləri Seyid Musayev (“Rodriqo” ləqəbli atla marşrutu 93,88 saniyəyə) və Ramiz Rzayev (“Qrad” və “Qroq” ləqəbli atlarla marşrutu müvafiq olaraq 98,22 və 102,16 saniyəyə) cərimə xalsız qət etdiklərinə görə onlar arasında təkrar yarış keçirilmişdir.
Bu idmançılar arasında gedən mübarizə Ramiz Rzayevin minimal qələbəsi ilə başa çatmışdır. Jokey “Qroq” ləqəbli atla marşrutu 49 saniyəyə cərimə xalsız başa vurmuş və “Xəzər Kuboku”nun sahibi olmuşdur. Ondan cüzi fərqlə geridə qalan (49,75 saniyə) Seyid Musayev “Rodriqo” ləqəbli atla ikinci yerə layiq görülmüşdür. Ramiz Rzayev eyni zamanda “Qrad” ləqəbli atla (54,28 saniyə, 4 cərimə xalı ilə) üçüncü yeri tutmuşdur. Mükafata layiq dördüncü yer də “Qrom” ləqəbli atla yarışan Seyid Musayevə nəsib olmuşdur.
Turnirin ilk günü başa çatdıqdan sonra Beynəlxalq Atçılıq Federasiyasının (FEİ) nümayəndəsi, yarışların baş hakimi Pyotr Solovyov qaliblərə fəxri fərmanlar və pul mükafatlarını təqdim etmişdir.
Ümummilli liderimizin xatirəsinə həsr olunmuş beynəlxalq turnirin əsas mərhələsi - “Heydər Əliyev Kuboku” uğrunda yarışlar mayın 11-də keçiriləcəkdir.
######
