Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da olmazdı
Bakı, 7 may (AZƏRTAC). Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr edilmiş fotosərginin açılışı olmuşdur.
AZƏRTAC xəbər verir ki, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfiri Vladimir Doroxin fotosərginin açılışında çıxış edərək Azərbaycan-Rusiya münasibətlərinin qurulmasında Heydər Əliyevin rolundan danışmışdır.
V.Doroxin demişdir: “Heydər Əliyev Azərbaycana - Azərbaycanı, biz rusiyalılara isə Azərbaycanla Rusiya arasındakı münasibətləri qoyub getmişdir. Bizim ölkədə Heydər Əliyevə çox abidə ucaldılmışdır, onun adını daşıyan muzeylər və məktəblər vardır. Lakin ən başlıcası insanların xatirəsidir”.
V.Doroxin Heydər Əliyevin Rusiyanın ən yüksək mükafatına - Müqəddəs Apostol Andrey Pervozvannı ordeninə layiq görüldüyünü qeyd edərək demişdir: “Biz hamımız onun Rusiyaya necə münasibət bəslədiyini bilirik. Rusiya onun taleyinin bir hissəsi olmuşdur. O, Rusiyanı sevirdi, rus dilində gözəl danışırdı və rus mədəniyyətinin vurğunu idi”.
Səfir demişdir: “Görkəmli siyasətçi, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyev daha bir sərvətin - Rusiya ilə müasir münasibətlərin müəllifidir. Heydər Əliyev olmasaydı, müasir Azərbaycan da, dövlətlərimiz arasındakı münasibətlər də olmazdı. Rusiya ilə dostluq münasibətləri onun üçün xüsusi əhəmiyyət kəsb edirdi.
O, məhz Azərbaycanın elə bir siyasi lideri idi ki, Vladimir Putin kimi Rusiya liderləri ilə birlikdə qarşılıqlı münasibətlərin əsasını qoymuşdur. Bu münasibətlər indi də davam edir: bir-birinin suverenliyinə hədsiz və qeyd-şərtsiz hörmət etmək, ümumi mənafeyə əsaslanaraq bir-birinin daxili işlərinə qarışmamaq”.
Vladimir Doroxin çoxu sərgidə ilk dəfə nümayiş etdirilən fotoşəkillər, məsələn, Bakıda Rusiya səfirliyinin açılışı fotoşəklini təqdim etdiklərinə görə Azərbaycan Dövlət Teleqraf Agentliyinə (AZƏRTAC) və İTAR-TASS-a, habelə tədbirin təşkilinə görə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinə minnətdarlığını bildirmişdir.
Rossotrudniçestvonun Azərbaycandakı nümayəndəliyinin başçısı Valentin Denisov, Milli Məclisin deputatı, publisist Elmira Axundova, Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Məmməd Əliyev, Azərbaycanın Rus icmasının başçısı, Milli Məclisin deputatı Mixail Zabelin, Rus Pravoslav Kilsəsinin Bakı-Azərbaycan yeparxiyasının arxiyepiskopu Aleksandr müasir Azərbaycanın tarixində Heydər Əliyevin rolundan danışmışlar. Onu şəxsən tanımış və müxtəlif illərdə onunla birlikdə işləmiş bu insanlar öz xatirələrini bölüşmüşlər.
Sonra “Rossiya” televiziya kanalının 2005-ci ildə çəkdiyi “Heydər Əliyev. Hakimiyyətin pərdə arxası” filmi nümayiş etdirilmişdir.