Heydər Əliyev Sarayında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
Bakı, 25 fevral, AZƏRTAC
Heydər Əliyev Sarayında Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə iştirakçılar Xocalı soyqırımını özündə əks etdirən kitablardan ibarət sərgi ilə tanış olublar.
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət işçisi Fərhad Babayev XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımı barədə tədbir iştirakçılarına məlumat verib.
Diqqətə çatdırıb ki, 23 il əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək azərbaycanlılara qarşı soyqırımı törədiblər. Şəhər darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub, 613 nəfər qətlə yetirilib.
Fərhad Babayev bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 1994-cü il fevralın 24-də “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2009-cu ildən başlanan “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünyanın 70-dən çox ölkəsində müxtəlif səpkili tədbirlər keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-cü il fevralın 13-də “Xocalıya ədalət” kampaniyasının keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. Həyata keçirilən məqsədyönlü işlər nəticəsində dünyanın 8 ölkəsi, bir neçə beynəlxalq təşkilat və ABŞ-ın 15-dək ştatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb.
Tədbirdə iştirak edən Xocalı sakinləri mülki əhalinin öldürülməsinin planauyğun surətdə həyata keçirilməsindən, əhalinin bir hissəsinin zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqularda qətlə yetirilməsindən söz açıblar. Bir çox qohumlarının ağır işgəncələrə məruz qalaraq öldürüldüklərini, girov götürülən qohumlarının talelərinin bu gün də məlum olmadığını bildiriblər.
Digər çıxış edənlər Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğundan, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasətindən, onun ağır nəticələrindən danışıblar.
Tədbirin sonunda Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Mən Xocalıyam” adlı sənədli film nümayiş etdirilib.