Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq
Bakı, 14 iyul, AZƏRTAC
Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə “14 iyul 1969-cu il: Zirvəyə yüksəlişin başlanğıc tarixi” mövzusunda tədbir keçirilib.
YAP-dan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin, müstəqilliyimizin və ərazi bütövlüyümüz uğrunda mübarizədə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Tədbiri giriş sözü ilə açan YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul tarixi ölkəmizin xilasının birinci mərhələsi, xalqın özünəqayıdış tarixidir. Azərbaycançılıq ideologiyasının təbliği və inkişaf etdirilməsi məhz o dövrdən başlanıb. Azərbaycanın müstəqil gələcəyini düşünən dahi şəxsiyyət Heydər Əliyev məhz o illərdə Azərbaycanın bu günü üçün möhkəm təməl yaradıb.
O qeyd edib ki, “Heydər Əliyev İli” Ulu Öndərin hakimiyyətinin hər iki dövrünün, Azərbaycanın bu günü üçün gördüyü işlərin geniş təhlilinə imkanlar yaradır
Digər çıxış edənlər - AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini, YAP Xətai rayon təşkilatı “Zığ yolu-4” ərazi partiya təşkilatının sədri Cəmaləddin Quliyev, Dövlət Məşğulluq Agentliyinin aparıcı mütəxəssisi Turac Məmmədova, 1969-cu ilin 14 iyul gününün tarixə Azərbaycanın özünəqayıdışının, dirçəliş və inkişaf yolunun başlanğıcı kimi yazıldığını qeyd ediblər. Bildirilib ki, bu tarix, eyni zamanda, həm də milliliyin, azərbaycançılığın, milli dövlətçiliyimizin əbədi mövcudluğu günü kimi qəbul edilir. Heydər Əliyev yolu bundan sonra da Azərbaycana möhtəşəm uğurlar qazandıracaq.