Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatımızın mövqeyi - tədbir
Bakı, 6 aprel, AZƏRTAC
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialı “Heydər Əliyev İli” çərçivəsində Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə “Heydər Əliyevin dövlətçilik siyasətində ədəbiyyatımızın mövqeyi” mövzusunda elmi-ədəbi tədbir keçirib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin Aran regional filialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat siyasəti” mövzusunda məruzə ilə çıxış edib. O, məruzəsində Ümummilli Lider Heydər Əliyevin taleyində və siyasi fəaliyyətində ədəbiyyat amilinin rolundan, onun sistemli ədəbiyyat bilicisi kimi nadir dövlət xadimi olmasından, dahi liderin hələ gənclik illərindən qeyri-adi mütaliə qabiliyyəti ilə fərqlənməsindən bəhs edib.
Sonra muzeyin əməkdaşı Ülviyyə Yusifova “Ədəbiyyatımıza Heydər Əliyev qayğısı” mövzusunda təqdimatla çıxış edərək Ulu Öndərin Azərbaycan xalqının misilsiz sərvəti olan klassik irsə, ümumən bədii ədəbiyyata xüsusi önəm verdiyini, istər ədəbiyyat, istər teatr və kino sənəti, eləcə də musiqi və rəssamlıq sahələrinə məhz dövlətçilik mənafeləri baxımından yanaşdığını bildirib.
Yazıçı-publisist Əlisəfa Azayev isə çıxışında Ulu Öndərin zəngin və çoxşaxəlı irsinin indiki və gələcək nəsillərə əmanət olmasından bəhs edərək, bu müqəddəs mirası qoruyub saxlamağın hər bir azərbaycanlının vəzifə borcu olduğunu vurğulayıb. O, Heydər Əliyev irsinin öyrənilməsində bu kimi tədbirlərin əhəmiyyətini qeyd edib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli çıxış edərək Ümummilli Liderin milli-mənəvi taleyimiz, gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən, görkəmli dövlət xadiminin azərbaycançılıq ideyalarından bəhs edib.
Daha sonra Heydər Əliyevin həyatının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib, həmçinin Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin baş direktoru akademik Rafael Hüseynovun “Şah əsər - Azərbaycan” albomundan mahnılar səsləndirilib.
Azərbaycan Yazıçılar Birliyinin üzvü Yadigar Təvəkkül və Tənzilə Əliyeva Ulu Öndərə həsr etdikləri şeirlərini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Sonda şagirdlərin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirilib.