Heyvanların uçotu və qeydiyyatı üzrə tədbirlər davam etdirilir
Bakı, 11 sentyabr, AZƏRTAC
Heyvanların fərdi uçotunun aparılması və qeydiyyatının təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən bildirilib.
Növbəti tədbir Bərdə rayonunda fəaliyyət göstərən təsərrüfatlardan birində reallaşıb. Burada saxlanılan 200 baş heyvana fərdi birkalar vurulub, onların nömrələri üzrə müvafiq məlumatlar qeydiyyata alınıb. Proses baytar həkim tərəfindən həyata keçirilib və təsərrüfatda mövcud heyvanların uçota alınması təmin edilib.
Heyvanların fərdi uçotu onların hərəkətinin izlənilməsi, baytarlıq nəzarətinin gücləndirilməsi, eləcə də epizootik sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, təsərrüfatlarda heyvanların uçotunun dəqiqləşdirilməsi və baytarlıq xidmətlərinin səmərəliliyinin artırılması məqsədilə bu istiqamətdə tədbirlər mütəmadi olaraq həyata keçirilir.