Hicran Hüseynova: Qanunların qəbul edilməsi ilə kifayətlənmək olmaz
Bakı, 11 sentyabr, AZƏRTAC
Qanunların qəbul edilməsi ilə kifayətlənmək olmaz. Onların cəmiyyətdə işlək mexanizmə çevrilməsi və real həyatda səmərəli tətbiqi təmin edilməlidir. Bunun üçün qanunların implementasiyası prosesində yaranan çətinliklər və boşluqlar müəyyənləşdirilməlidir. Həmçinin dövlət və qeyri-dövlət qurumları ilə birgə fəaliyyət gücləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri sentyabrın 11-də Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında komitənin sədri Hicran Hüseynova deyib.
“Uğurlu implementasiya qanunun aliliyinin təmin olunmasına xidmət edir. Dövlət tərəfindən qəbul edilən qanunların real həyatda səmərəli və işlək mexanizmə çevrilməsi onların düzgün tətbiqindən və icrasından asılıdır”, – deyə komitə sədri qeyd edib.
H. Hüseynova payız sessiyası dövründə regional ictimai dinləmələrin keçirilməsini də təklif edib. O bildirib ki, xüsusilə problemlərlə daha çox qarşılaşılan rayonlarda belə dinləmələrin təşkili qanunların tətbiqi zamanı mövcud çətinliklərin və boşluqların müəyyənləşdirilməsi baxımından faydalı ola bilər.