İQTİSADİYYAT
Hidayət Məmmədov: Metronun “Koroğlu” stansiyasında COP29-la bağlı istiqamət lövhələri yerləşdirilib
Bakı, 6 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əsas məkanı Bakı Olimpiya Stadionu olduğundan “Koroğlu” stansiyası ərazi üzrə ən mühüm nəqliyyat qovşaqlarından biri kimi fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
Rəis müavini qeyd edib ki, stansiyada konfrans iştirakçıları və qonaqların hərəkət rahatlığı, həmçinin səmti asanlıqla müəyyən etmələri məqsədilə bir sıra tədbirlər görülüb.
“COP29 Əməliyyat Şirkətinin metronun “Koroğlu” stansiyasında apardığı monitorinqlər əsasında hazırladığı əlavə naviqasiya sistemi platforma, keçid və vestibül sahələrində quraşdırılıb. Əsas məqsəd müxtəlif nəqliyyat vasitələri, o cümlədən avtobus, taksi, fərdi avtomobillər və dəmir yolu xətti ilə gələn COP29 iştirakçıları və qonaqların “Koroğlu” stansiyasının keçidindən istifadə edərkən səmti düzgün müəyyən etməsinə yardımçı olmaqdır. Stansiyada iştirakçıların və qonaqların, eləcə də metropolitendən az istifadə edənlərin rahatlığını təmin etmək məqsədilə COP29 Əməliyyat Şirkətinin təşkilatçılığı ilə 10 metro stansiyasına könüllülər cəlb olunub. Ən çox könüllü məhz şaxələnmiş infrastruktura malik “Koroğlu” stansiyası ərazisində müəyyən edilmiş zonalarda fəaliyyət göstərəcək”, - deyə H.Məmmədov bildirib.