Hikmət Сavadov Ukrayna Azərbaycanlılar Konqresinin sədri seçilmişdir
Kiyev, 7 iyul (AZƏRTAC). İyulun 7-də Kiyevdəki “Hyatt Recensy” mehmanxanasının konfrans salonunda Ukrayna Azərbaycanlıları Konqresinin (UAK) hesabat-seçki konfransı olmuşdur. Gündəlikdə bir məsələ var idi: UAK sədrinin seçkiləri.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli konfransı giriş sözü ilə açaraq, Diasporla İş üzrə Dövlət Komitəsinin 10 illiyi münasibətilə qurumun rəhbərliyini və əməkdaşlarını, habelə forumun iştirakçılarını təbrik etmişdir.
Diplomat xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan diasporunun mütəşəkkil və vahid qüvvəyə çevrilməsinə böyük əhəmiyyət verdiyini xüsusi vurğulamışdır.
Səfir qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin bu siyasətini hazırda Prezident İlham Əliyev ardıcıl surətdə davam etdirir.
Səfir bildirmişdir ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsi üçün 2012-ci il tarixli Sərəncamı ilə Dövlət Komitəsinin maddi-texniki təminatını xeyli yaxşılaşdırmışdır.
Təşkilati prosedurlardan - konfransın idarə heyəti, sədri, hesablama komissiyasının üzvləri seçildikdən sonra forum nümayəndələrinin çıxışları olmuşdur.
“Demokratiyanın nəbzi” Beynəlxalq ictimai təşkilatın prezidenti, hüquq elmləri namizədi Hikmət Cavadov alternativ əsasda açıq səsvermə yolu ilə Ukrayna Azərbaycanlıları Konqresinin sədri seçilmişdir.
Konfransın sonunda Azərbaycanın Dövlət himni səslənmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev