HİNDİSTAN GƏNCLƏR VƏ İDMAN SAHƏSİNDƏ AZƏRBAYCANIN TƏCRÜBƏSİNDƏN YARARLANMAQ NİYYƏTİNDƏDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 26-da gənclər və idman naziri Azad Rəhimov Hindistanın yerli özünüidarə, gənclər, idman və şimal-şərq regionu naziri Mani Şankar Aiyar ilə görüşmüşdür.
Ölkələrimizin və xalqlarımızın bir-birinə dərin tarixi, mədəni və iqtisadi tellərlə bağlı olduğunu söyləyən A.Rəhimov, gənclər və idman sahəsində əməkdaşlığı genişləndirməyin vacibliyini vurğulamışdır.
Dövlətin gənclər və idman sahəsinə diqqət və qayğısı nəticəsində ölkəmizdə hər iki sahədə yüksək nailiyyətlərin qazanıldığını bildirən nazir, Azərbaycanın bu sahədəki təcrübəsini dost Hindistan ilə bölüşməyə hazır olduğunu demişdir.
A.Rəhimov hindistanlı həmkarına qarşılıqlı təcrübə mübadiləsi aparmaq, habelə hər iki ölkə idmançılarının birgə təlim-məşq toplanışlarını keçirmək, Azərbaycanda Hindistan gənclərinin iştirakı ilə
mədəniyyət günlərinin təşkil olunması təklifini irəli sürmüşdür.
Hindistanlı qonaq ölkəsində gənclər və idman sahəsində görülən işlərdən danışmışdır. Eyni zamanda nazir Hindistanın gənclər siyasəti və idman sahəsində Azərbaycanın təcrübəsindən məmnuniyyətlə yararlanmağa hazır olduğunu bildirmişdir. Bu məqsədlə qonaq azərbaycanlı mütəxəssisləri Hindistana dəvət etmək niyyətini açıqlamışdır.
Səfər çərçivəsində Şamaxı Olimpiya İdman Kompleski ilə ətraflı tanış olan hindistanlı nazir, Azərbaycanda Olimpiya hərəkatının onu valeh etdiyini söyləmişdir.
Hindistanlı nazir azərbaycanlı həmkarı A.Rəhimovu gələn il ölkəsində keçiriləcək gənclər festivalına dəvət etmişdir.