Hollandiyada beynəlxalq şahmat turnirində yarışan idmançılarımız heç-heçə ediblər
Bakı, 25 yanvar, AZƏRTAC
Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə “Tata Steel Chess” super turnirində növbəti turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışın səkkizinci günündə təmsilçimiz Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli Sou ilə “sülh” bağlayıb. Bu nəticədən sonra aktivində 4 xal olan qrossmeysterimiz 6-10-cu yerləri bölüşür. Turnirin lideri aktivinə 5,5 xal yazdıran dünya çempionu Maqnus Karlsendir.
“Tata Steel Chess-Challengers” turnirində yarışan təmsilçilərimizin hər ikisi 8-ci turda rəqibləri ilə heç-heçə ediblər. Eltac Səfərli rusiyalı Aleksandr Dreev, Nicat Abbasov isə yerli şahmatçı Bencamin Bok ilə xalları yarı bölüblər.
Səkkiz turdan sonra E.Səfərli 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. N.Abbasov isə 3 xalla 11-13-cü yerləri bölüşdürür.