“Hünər meydanı” seçim turnirinin birinci günündə sərbəst güləşçilər mübarizə aparır
Bakı, 29 oktyabr, S.Allahverdiyeva, AZƏRTAC
Oktyabrın 29-da Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər arasında “Hünər meydanı” respublika seçim turniri start götürüb.
AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə respublikamızın bütün şəhər və rayonlarından 1996-1998-ci il təvəllüdlü 172 sərbəst güləşçi 50, 55, 60, 66, 74, 84, 96 və 120 kiloqram çəki dərəcələrində mübarizə aparır. Turnirdə Azərbaycan idmançıları ilə yanaşı, Rusiya pəhləvanları da iştirak edirlər.
“Hünər meydanı” turnirinin baş hakimi Azərbaycan Güləş Federasiyasının hakimlər kollegiyasının sədri Bəhmən Talebidir.
Yarışda ilk üç yeri tutan idmançılar medal və diplomlarla, həmçinin pul mükafatı ilə təltif olunacaqlar. Mükafatçılar yığma komandaların heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil etmək hüququ qazanacaqlar.
Yarışların sonuncu günündə yunan-Roma güləşi üzrə gənclər arasında qaliblər müəyyənləşəcək.
Turnirə oktyabrın 30-da yekun vurulacaq.