Hüquq arzusundan yeni hədəfə - tələbə adını qazanan şəhid övladının sevinci
Bakı, 28 avqust, AZƏRTAC
Ali məktəbə qəbul olmaq hər bir gəncin həyatında yeni səhifənin başlanğıcıdır. Bu səhifəyə öz arzuları, zəhməti və gələcəyə dair planları ilə qədəm qoyanlardan biri də şəhid mayor Sənan Zamanovun övladı Fidan Zamanovadır. Quba rayon Fizika, riyaziyyat və informatika təmayüllü liseyinin məzunu olan Fidan 550 balla Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dövlət və ictimai münasibətlər ixtisasına qəbul olub.
Fidan AZƏRTAC-a müsahibəsində qeyd edib ki, ali məktəb seçimi ilk gündən indiki istiqamətlə başlamayıb: “Əslində, ilk istəyim hüquq ixtisasına qəbul olmaq idi. Lakin bu istəyim baş tutmayanda düşündüm ki, özümə ən yaxın və uyğun istiqamət dövlət və ictimai münasibətlərdir. Buna görə də seçimimi bu ixtisasın üzərində saxladım. İndi isə əsas məqsədim seçdiyim sahəni dərindən öyrənmək, biliklərimi artırmaq və gələcəkdə bu istiqamətdə özümü davamlı inkişaf etdirməkdir. Hazırlıq prosesində mənə ən çox kömək edən evə verilən tapşırıqları vaxtında yerinə yetirməyim və mövzuları mütəmadi şəkildə öyrənməyim oldu. Dərsləri son günə saxlamaqdansa, hər gün müəyyən qədər hazırlaşmağa çalışırdım. Bu yanaşma həm mövzuları daha yaxşı mənimsəməyimə, həm də imtahanlara daha inamlı getməyimə kömək etdi.
İmtahan yaxınlaşdıqca həyəcan da artırdı. İnsan istər-istəməz qarşıdakı gün haqqında daha çox düşünür, nəticənin necə olacağını götür-qoy edirdim. Məndə ən çox imtahan stresi olurdu. Belə vaxtlarda ailəmlə və dostlarımla söhbət edirdim. Onların dəstəyi sayəsində fikirlərimi toparlayır, özümü daha rahat hiss edir və bu həyəcanı tədricən geridə qoyurdum. Nəticələrin elan olunduğu günü isə xüsusi hisslərlə xatırlayıram. Çox sevinmişdim. Çünki istədiyim ixtisasla topladığım bal arasında fərqin böyük olmadığını düşünür və qəbul olmaq şansımı o qədər də yüksək qiymətləndirmirdim. Tələbə adını qazandığımı görəndə bütün o həyəcanın, narahatlığın və çəkdiyim zəhmətin özünü doğrultduğunu hiss etdim. Həmin dəqiqələr mənim üçün çox fərqli və unudulmaz idi”.
Fidan məktəb illərində də dərslərlə yanaşı, müxtəlif fəaliyyətlərdə iştirak etməyə çalışıb. O, məktəb komandası ilə intellektual oyunlarda iştirak edib. Hazırda isə asudə vaxtını mütaliəyə ayırır.
İndi Fidan üçün qarşıda məktəb illərindən tamamilə fərqli bir mərhələ dayanır. Universitet həyatı onun üçün yalnız yeni dərslər və imtahanlar deyil, seçdiyi sahəni daha yaxından tanımaq, yeni biliklər qazanmaq, fərqli insanlarla ünsiyyət qurmaq və gələcək yolunu müəyyənləşdirmək imkanıdır.
Müxbir-Nərmin Muradzadə