İçərişəhərdə Cənubi Qafqazın ən böyük kvest çempionatı keçirilib
Bakı, 19 sentyabr, AZƏRTAC
Sentyabrın 19-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Qoşa Qala meydanında Cənubi Qafqazın ən böyük kvest çempionatı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib. Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsinin icra edən Yusif Vəliyev və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbərinin müavini Rəna Nəsirova-Mustafayeva çıxış edərək iştirakçılara uğurlar arzulayıblar. Bildirilib ki, layihə gənclərdə komanda ruhunu, strateji düşüncəni və tarixə marağı gücləndirmək, həm də könüllülük və vətəndaş fəallığını təşviq etmək məqsədini daşıyır.
Təşkil olunan çempionatda 35 komanda və 525 gənc iştirak edib.
Kvest marşrutu gənclərə İçərişəhərin dar küçələrini, memarlıq incilərini və tarixi abidələrini fərqli prizmadan kəşf etmək imkanı yaradıb. Tapşırıqlar İçərişəhərin məşhur və çox az tanınan, lakin tarixi baxımdan mühüm obyektlərinə dair verilib.
Sonda çempionat qalibləri kubok, medal və xüsusi mükafatlarla təltif olunublar.