“İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində təlimlərin üçüncü hissəsi başa çatıb
Bakı, 5 mart, AZƏRTAC
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Təhsil İnstitutu tərəfindən icra edilən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində yeni icma əsaslı təhsil qruplarında çalışacaq tərbiyəçi-müəllimlər üçün təlimlər sessiyasının üçüncü hissəsi başa çatıb.
Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, təlimlərin əsas məqsədi tərbiyəçi-müəllimləri layihə və məktəbəqədər təhsil barədə müvafiq mövzularda maarifləndirməkdir.
Fevralın 17-dən etibarən keçirilən onlayn təlimlərə 196 yeni tərbiyəçi-müəllim cəlb olunub. Onlayn təlimlərdə müxtəlif foto və videomateriallar, eləcə də təqdimatlardan istifadə edilib. Təlimlər məktəbəqədər təhsildə oyunun əhəmiyyəti və davranışa təsiri, valideynlərlə işin, sıx münasibətin qurulması və çətinliklərin aradan qaldırılması yolları, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərində ilkin tibbi yardım və təhlükəsizlik, kuklalarla iş və onların uşaq inkişafında rolu haqqında mövzuları əhatə edib.
Xatırladaq ki, “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi 2020-2021-ci tədris ilindən etibarən respublikanın 50 şəhər və rayonunda 500 icma əsaslı məktəbəqədər təhsil qruplarını əhatə edir. Layihə hər bir icma əsaslı məktəbəqədər təhsil qrupunda orta hesabla 20 uşaq olmaqla 10 minə yaxın 3-4 yaşlı uşağın iştirakı ilə həyata keçirilir.