CƏMİYYƏT
İdarə rəisi ekoloji qanunvericiliyin tələblərini pozduğuna görə cərimələnib
Bakı, 16 may, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə nə dərəcədə riayət edildiyini yoxlamaq məqsədilə növbəti reyd keçiriblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Xaçmaz şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilmədiyi və yandırıldığı aşkar edilib.
Faktla bağlı əraziyə cavabdeh Xaçmaz Rayon Yaşıllaşdırma İdarəsinin rəisi Məmmədağa Qəribov barəsində protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən vəzifəli şəxs qismində 3000 manat məbləğində cərimə olunub.
Tullantıların qanunvericiliyə uyğun zərərsizləşdirilməsi üçün idarənin rəisinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.