IDEA İctimai Birliyi tərəfindən Buzovna çimərliyi ərazisində təmizlik aksiyası təşkil olunub
Bakı, 1 iyun, AZƏRTAC
Sahilyanı ərazilərin çirkləndirilməsi və zibillənməsi müasir dövrün ən aktual ekoloji problemlərindən biri hesab olunur. Belə ki, sahillərdə təmizliyə riayət olunmaması sanitar problemlərlə yanaşı, dəniz ətraf mühitinin, eləcə də onun flora və faunasının zərər çəkməsinə səbəb olur.
Təəssüf ki, bu problem bütün dünyada olduğu kimi, ölkəmizdə də müşahidə olunmaqdadır. Çimərlik mövsümündə Xəzər sahillərinin ziyarətçilər tərəfindən zibillənməsi bir çox ağır fəsadlara yol açır.
Məsələnin aktuallığını nəzərə alaraq, IDEA İctimai Birliyi hər il Bakı çimərliklərində yüzlərlə gəncin iştirakı ilə sosial aksiyalar təşkil edir. Bu ənənənin davamı olaraq, IDEA İctimai Birliyi və “Təmiz Şəhər” ASC tərəfindən Buzovna çimərliyi ərazisində “Çimərliklərimizi təmiz saxlayaq!” şüarı altında təmizlik aksiyası keçirilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirin məqsədi çimərlik ərazilərindəki tullantıların toplanması, gənclərin təbiətin təmiz saxlanılmasına cəlb olunması, eyni zamanda, insanları ətrafı zibilləməməyə çağırmaqdır.
Aksiya zamanı iştirakçılar bütün sanitar normalara cavab verən ləvazimatlarla təchiz olunub. Onların topladıqları tullantılar xüsusi nəqliyyat vasitələri ilə Balaxanı Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna təhvil verilib.
Çimərlik və istirahət mövsümünün yaxınlaşması ilə əlaqədar IDEA İctimai Birliyi hər kəsi təbiətin bizə bəxş etdiyi nemətlərdən səmərəli şəkildə istifadə etməyə və gələcək nəsillərin sağlamlığı naminə ətraf mühitə zərər vurmamağa çağırır.