İDEA kampaniyası “Eart Hour Azerbaijan” ilə birgə “Yer saatı” aksiyası keçirəcəkdir
Bakı, 29 mart (AZƏRTAC). İDEA kampaniyası “Eart Hour Azerbaijan” ilə birgə “Yer saatı” aksiyası keçirəcəkdir.
İDEA-dan AZƏRTAC-a bildirmişlər ki, qloballaşan dünyada iqtisadiyyatın və elmi-texnologiyanın inkişafı ilə əlaqədar atmosferə atılan istilik effekti yaradan qazların həcmi artmaqdadır. Bunun nəticəsində planetimizdə iqlim dəyişikliyi kimi qlobal problem mövcuddur ki, bu da bir sıra digər ekoloji problemlərin yaranmasına səbəb olur.
“Yer saatı” Dünya Vəhşi Təbiət Fondu (WWF) tərəfindən 2009-cu ildə başlanılmış və diqqətini iqlim dəyişikliyi, ətraf-mühitin qorunmasına yönəldən aksiyadır. Hər il martın son şənbə günü bütün dünyada milyonlarla insan bu aksiyada iştirak edir və simvolik olaraq elektrik enerjisindən istifadəni bir saatlıq dayandırırlar. Aksiyaya qoşulan böyük şəhərlərin simvolları olan binaların işıqlandırılması da “Yer saatı” aksiyası müddətində dayandırılır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanılmış İDEA (İnternational Dialogue for Environmental Action) kampaniyasının əsas fəaliyyət istiqamətlərindən biri iqlim dəyişikliyi problemidir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizəyə yönəldilən istənilən həm yerli, həm də xarici aksiyalara bu İDEA daim dəstək göstərir.
İDEA kampaniyasının “Eart Hour Azerbaijan” ilə birgə həyata keçirəcəyi növbəti “Yer saatı” aksiyası bu il təkcə Bakıda deyil, Gəncə, Lənkəran, Lahıcda da keçiriləcəkdir. Bundan əlavə, aksiya çərçivəsində Qız qalası və digər diqqət mərkəzində olan yerlərdə elektrik enerjisinin təminatı bir saatlıq dayandırılacaqdır. Aksiya barədə ətraflı məlumatı www.ideacampaign.org və www.earthhour.az saytlarından əldə etmək mümkündür.
Qeyd edək ki, ötəni il martın 26-da Bakının simvolu olan əzəmətli Qız qalasının işıqlarının söndürülməsi ilə Azərbaycan da bu qlobal kampaniyaya dəstək verən 120 ölkə sırasına daxil olmuşdur.