İdman liseyində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Vətən” idman liseyində 21 Fevral - Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan dilinin tətbiqi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Nicat Allahverdiyev, sektorun baş məsləhətçisi Elnur Məmmədov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü, “Vətən” İdman liseyinin direktoru Tərminə Əsədova, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak etdilər.
AZƏRTAC xəbər verir ki, tədbiri açan məktəbin direktoru Tərminə Əsədova Azərbaycan dilinin tarixi, keçdiyi inkişaf yolu, dilimizə dövlət tərəfindən göstərilən qayğıdan danışıb.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova çıxışında hər bir xalqın ana dilinin onun milli sərvəti, xalqın milli kimliyinin göstəricisi olduğunu, həm nitqimizdə, həm də yazılarımızda ədəbi dilin normalarına riayət etməyin vacibliyini diqqətə çatdırıb.
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü “Dövlət qurumlarında və orta məktəblərdə Azərbaycan dilinin tətbiqi” mövzusunda çıxış edib. O, Azərbaycan dilinin dövlət səviyyəsində mövqeyinin qorunması və inkişaf etdirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətlərini xüsusilə qeyd edərək, bu sahədə Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamlarından söhbət açıb. Qeyd edib ki, dövlətimizin başçısının Azərbaycan dilinin qloballaşma şəraitində hərtərəfli inkişafı, ədəbi dil normalarının qorunması istiqamətində atdığı addımlar Azərbaycan dilçiləri tərəfindən minnətdarlıqla qarşılanır. Dilçi-alim vurğulayıb ki, “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair” Dövlət Proqramı müvafiq qurumlar qarşısında mühüm tələblər qoyur. Hər bir vətəndaş dövlət dilindən düzgün istifadə ilə bağlı tələblərə əməl etməlidir.
Təranə Şükürlü çıxışında rəsmi-işgüzar sənədlərdə ədəbi dilin normalarının qorunması, durğu işarələrindən istifadə, orfoqrafiya və orfoepiya normalarındakı yeniliklər barədə məlumat verib, nümunələrlə fikrini izah edib, eləcə də şagirdlərin suallarını cavablandırıb.
Tədbirin sonunda məktəblilər ana dilimiz haqqında şeir kompozisiyası təqdim ediblər.