İKİNCİ DÜNYA MÜHARİBƏSİNİN DƏHŞƏTLƏRİNİ YAŞAYAN ƏLİLLƏ GÖRÜŞ
Respublikamızın hər yerində olduğu kimi, Kürdəmir rayonunda da faşizm üzərində qələbənin 60 illiyi qarşısında müxtəlif tədbirlər keçirilir.
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayonun Qocalı kəndində I qrup əlil Əsgər Əliyevlə görüş son dərəcə təsirli və yaddaqalan olmuşdur. Veteranların, ziyalıların, məktəblilərin iştirak etdiyi tədbirdə o illərin acı xatirələri bir daha yada salınmışdır. Milli Məclisin deputatı Rizvan Cəbiyev, rayon icra hakimiyyəti başçısının hümanitar məsələlər üzrə müavini Rafiq Mehdiyev və digər qonaqlar çıxış edərək əlillərə, veteranlara göstərilən dövlət qayğısından danışmışlar.
Görüşdə Əsgər Əliyevə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən pul mükafatı verilmiş, ona “Oka” markalı minik avtomobilinin ayrıldığı bildirilmişdir.
Müharibə əlili göstərilən diqqət və qayğıya görə ölkəmizin başçısı İlham Əliyevə, eləcə də təşkilatçılara minnətdarlıq etmişdir.