İKT XARİCİ İŞLƏR NAZİRLƏRİ ŞURASININ 33-CÜ SESSİYASI BAŞA ÇATMIŞDIR
Üç gün davam edən sessiyanın işində 50-dək ölkənin nümayəndələri, ATƏT-in, Avropa Şurasının, YUNESKO-nun, Beynəlxalq Miqrasiya Təşkilatının təmsilçiləri iştirak etmişlər.
Sessiyanın gedişində müsəlman ölkələrini narahat edən məsələlər müzakirə edilmiş, Fələstin, İraq, Kəşmir, Kipr problemlərinə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə, Somali və Sudanda baş verən hadisələrə, habelə İranın nüvə proqramı ətrafında yaranmış gərginliyə münasibət bildirilmişdir. Məruzələrdə Qərbin bəzi mətbuat orqanlarında Məhəmməd Peyğəmbərə karikaturaların dərc olunması və bununla bağlı yaranmış gərginlik kəskin şəkildə pislənilmişdir.
Bildirilmişdir ki, İKT bütün dinlərə hörmətlə yanaşır və bundan sonra da sivilizasiyalararası dialoqun genişləndirilməsi məqsədi ilə fəaliyyətini davam etdirəcəkdir.
Sessiyada İKT-nin üzvü olan ölkələrin siyasi, iqtisadi-ticarət, mədəni, elmi və digər sahələrdə əlaqələrinin inkişafının zəruriliyi vurğulanmış, İKT çərçivəsində həyata keçirilən layihələrdən də söhbət açılmışdır. İKT-nin qarşıdakı on il ərzində görəcəyi işləri əhatə edən fəaliyyət planı müzakirə edilmiş, qarşılıqlı əməkdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanmışdır.
Sessiyanın sonunda Bakı Bəyannaməsi, yekun rəsmi məlumat və müzakirə edilən məsələlərə dair müxtəlif qərarlar qəbul edilmişdir.
Tədbir başa çatdıqdan sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və İKT-nin baş katibi İkmaləddin İhsanoğlu mətbuat konfransı keçirmişlər.
E.Məmmədyarov demişdir ki, Bakı Bəyannaməsində müsəlman aləmini, habelə dünyanı narahat edən məsələlərə münasibət bildirilmişdir. Bəyannamədə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü pislənmiş və işğalçı qüvvələrin dərhal Azərbaycan torpaqlarından çıxarılması tələb edilmişdir. İşğal altındakı ərazilərdə tarix və mədəniyyət abidələrinin dağıdılması, ekologiyanın korlanması pislənmiş, münaqişənin həlli üçün bütün vacib tədbirlərin görülməsi məqsədi ilə beynəlxalq ictimaiyyətə müraciət edilmiş, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası məsələsində İKT-nin üzvü olan ölkələrdən dəstək istənilmişdir.
İKT-nin baş katibi İkmaləddin İhsanoğlu Bakı sessiyasının müzakirə edilən məsələlər və qəbul olunan qərarlar baxımından tarixi əhəmiyyət daşıdığını bildirmişdir.
Gündəlikdə duran məsələlərə dair konstruktiv müzakirələr aparıldığını söyləyən baş katib sessiyanın beynəlxalq təşkilatların diqqət mərkəzində olduğunu vurğulamışdır.
Baş katib sessiyada Azərbaycanın işğal altındakı ərazilərində Ermənistan silahlı birləşmələrinin törətdiyi dağıntıları əks etdirən kadrların və peykdən çəkilmiş fotoşəkillərin nümayiş olunduğunu da bildirmişdir.