İlahiyyat İnstitutuna əcnəbi tələbələrin qəbulu nəzərdə tutulur
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) 2020-2021-ci tədris ili üçün bakalavr səviyyəsi üzrə əcnəbi tələbələrin qəbulunun həyata keçirilməsi nəzərdə tutulur.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, tələbələrin qəbulu təhsil sahəsində Azərbaycan Respublikası ilə xarici ölkələr arasında bağlanılmış müqavilələrə uyğun müəyyənləşdirilən kvota, institutun iştirak etdiyi beynəlxalq proqramlar, dövlət tərəfindən müəyyən edilmiş təhsil qrantı proqramı, institut ilə xarici ölkələrin təhsil müəssisələri, hüquqi və fiziki şəxslərlə birbaşa bağladığı müqavilələrə əsasən aparılacaq.
Qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən tələbə qəbulu müsabiqəsi əsasında keçiriləcək.
Azərbaycan İlahiyyat İnstitutunda ödənişsiz təhsil alan əcnəbi tələbələrə xüsusi imtiyazlar veriləcək. Belə ki, onlar yüksək məbləğdə təqaüdlə, yataqxana və bütün fənlər üzrə pulsuz dərsliklərlə, eləcə də geyimlə təmin olunacaqlar.
Yaşı 30-dan çox olmayan, əvvəlki təhsil pilləsini və ya səviyyəsini uğurla bitirən, məhkumluğu olmayan, sağlamlığı təhsil almağa imkan verən, Azərbaycan dilini bilən, din xadimi kimi fəaliyyət göstərməyə marağı olanlar İlahiyyat İnstitutunun bakalavriat səviyyəsində təhsil almaq üçün müraciət edə bilərlər. Sənəd vermək üçün meyarlara din haqqında ümumi anlayış, mənəvi-psixoloji durumu dini təhsil almağa imkan verməsi, ünsiyyət qurma bacarığı, ümumi dünyagörüşünün genişliyi, cəmiyyətdə mövcud müxtəlif inanclara qarşı dözümlülük də daxildir.