İlahiyyat İnstitutunda yay imtahan sessiyası “Microsoft Teams” platforması üzərindən təşkil olunub
Bakı, 8 iyun, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavr və magistratura səviyyələri üzrə yaz semestrinin yay imtahan sessiyası başlayıb.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, beş həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn şifahi formada keçirilir.
Xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqlarını nəzərə alaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, Aİİ-də cari tədris prosesi ilkin olaraq videodərslər formatında, daha sonra isə Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq “Microsoft Teams” platforması üzərindən onlayn keçirilib. Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün güzəştlər tətbiq olunur.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həlli məqsədilə Qərargah və onun nəzdində Apellyasiya Komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq onlayn fəaliyyət göstərəcək. Daxil olan elektron müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək.