İlahiyyat İnstitutunun fəaliyyəti və perspektivləri müzakirə olunub
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) qarşıda duran hədəf və məqsədlərlə bağlı növbəti iclas keçirilib.
Aİİ-dən AZƏRTAC-a bildirilib ki, iclasda fevral ayının yekunları, ali təhsil müəssisəsinin ümumi fəaliyyəti və perspektivləri müzakirə olunub.
İnstitutun rektoru Ceyhun Məmmədov ölkəmizdə təhsilə, milli-mənəvi dəyərlərimizin qorunmasına göstərilən diqqət və qayğıdan bəhs edib. Vurğulayıb ki, milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılmasında müstəsna xidmətləri olmuş ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət-din siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Gənc nəslin sağlam ruhda yetişməsinin, dünya standartları ilə ayaqlaşan təhsillə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu bildirən Ceyhun Məmmədov Aİİ-nin məqsəd və vəzifələrindən, hədəflərindən bəhs edib. Tədris prosesi, müəllimlərin fəaliyyəti, kitabların nəşri, elmi məqalələrin çap olunması istiqamətində görülən işlər, həmçinin nəzərdə tutulmuş layihələr haqqında fikirlərini bölüşüb.
Rektor xarici universitetlərlə əlaqələrin qurulması, ikili diplom, Erasmus+, Mövlanə proqramları ilə tələbələrin xaricdə təhsil imkanları barədə danışaraq, bu yöndə görülən işlərin peşəkar mütəxəssis hazırlama baxımından məqsədyönlü fəaliyyət olduğunu nəzərə çatdırıb.
Zəngin dünyagörüşünə, yüksək mədəniyyətə və dərin biliyə malik vətənpərvər mütəxəssislər yetişdirilməsinin institutun əsas vəzifələrindən olduğunu qeyd edən Ceyhun Məmmədov bu məqsədlərə nail olmaq üçün Aİİ-nin bütün gücünü və potensialını səfərbər etdiyini, ona göstərilən etimadı doğrultmaq üçün bütün imkanları ilə çalışdığını bildirib.