İlin birinci yarısında Bakı metrosundan 112 milyon nəfər istifadə edib
Bakı, 8 iyul, AZƏRTAC
Cari ilin yanvar-iyun aylarında Bakı Metropoliteni ilə 112 milyon sərnişin səfəri qeydə alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz çoxdur.
“Bakı Metropoliteni” QSC-dən AZƏRTAC-a bildirilib ki, hesabat dövründə sərnişinlərin 62 faizi “Qırmızı”, 34 faizi “Yaşıl”, 4 faizi isə “Bənövşəyi xətt” üzrə daşınıb.
İlin ilk altı ayında ən çox istifadə olunan stansiya 10 milyon 32 min 772 sərnişinlə "Koroğlu" stansiyası olub.
Hesabat dövründə ən yüksək sərnişin axını aprelin 3-də qeydə alınıb. Həmin gün metrodan 819 min 536 sərnişin istifadə edib.
Yanvar-iyun aylarında NFC və QR bilet vasitəsilə ümumilikdə 53 milyon 173 min 812 ödəniş həyata keçirilib. Bu, metrodan ödənişli istifadə edən sərnişinlərin 48,94 faizini təşkil edib.
Bununla yanaşı, "Əlçatan metro" xidməti çərçivəsində ilin birinci yarısında 1051 sifariş icra olunub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə xidmətdən istifadə edənlərin sayının 64,5 faiz artdığını göstərir.