İmişlidə qəza zamanı xəsarət alanların vəziyyəti açıqlanıb – YENİLƏNİB
İmişli, 23 aprel, AZƏRTAC
Bu gün saat 15:40 radələrində İmişli rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 3 nəfər (kişi) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İmişli Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin travması, başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş və açıq yaraları, sağ mil və sol körpücük sümüklərinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş qiymətləndirilən pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
16:51
İmişli rayonunda "Toyota" və "BMW" markalı minik avtomobilləri toqquşub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün günorta saatlarında İmişli şəhəri A.Şadlinski küçəsində baş verib.
Qəza zamanı xəsarət alan şəxslər İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Müxbir – Aydın Yavərzadə