İnfantino: Qətər futbol üzrə dünya çempionatının təşkili məsələlərində Rusiyanın təcrübəsindən istifadə edə bilər
Bakı, 24 oktyabr, AZƏRTAC
2022-ci ildə futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Qətər təşkilati məsələlərdə Rusiyanın təcrübəsindən istifadə edə bilər. Dünya çempionatının təşkilat komitəsinin mətbuat xidmətinin məlumatına görə, bu fikri Beynəlxalq Futbol Federasiyasının (FIFA) rəhbəri Canni İnfantino ifadə edib.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, hazırda İnfantino dünya çempionatı üçün inşa edilən idman obyektlərinə baxış keçirmək məqsədilə Qətərdə səfərdədir. FIFA-nın rəhbəri ölkədə infrastruktur sahəsində əldə olunmuş tərəqqini yüksək qiymətləndirib. C.İnfantino ümidvar olduğunu bildirib ki, Rusiyada olduğu kimi, Qətərdə keçiriləcək növbəti dünya çempionatı da yüksək səviyyədə təşkil olunacaq.
FIFA-nın rəhbəri əlavə edib: “Bir neçə məsələdə Rusiyanın təcrübəsindən istifadə etmək olar. Qeyd edək ki, dünya çempionatından zövq almaq üçün planetin müxtəlif yerlərindən gələn böyük azarkeş kütləsinin yüksək səviyyədə qəbul edilməsi bir çoxlarını təəccübləndirib.
Başlanğıcda Rusiya ilə əlaqədar böyük narahatlıq vardı. Lakin çempionat təhlükəsiz şəraitdə və futbol fanatlarının özlərini çox yaxşı hiss etdikləri ölkədə keçdi. Bütün əhali bu prosesə kömək etdi və düşünürəm ki, Qətərdə də belə olacaq. 2018-ci ilin dünya çempionatı tarixə ən yaxşı birincilik kimi düşdü. Əminəm ki, 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Kuboku yarışları daha mükəmməl olacaq”.
Qətərin turnirə ev sahibliyi edəcəyi barədə qərar FIFA İcraiyyə Komitəsinin 2010-cu ilin dekabrında keçirilən iclasında qəbul edilib. 2018-ci ildə Rusiyada dünya çempionatının keçirilməsi də o vaxt elan olunub. Hava şəraiti ilə əlaqədar Qətərdə keçiriləcək Dünya Kuboku yarışları isə noyabrın 21-dən dekabrın 18-dək keçiriləcək.