İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Rusiyada beynəlxalq konfrans keçiriləcək
Bakı, 24 aprel, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutu sentyabrın 14-17-də Rusiyanın Kursk şəhərində keçiriləcək “Təsvirlərin emalı və obrazların tanınması sistemlərində optoelektron avadanlıq və qurğular - Tanıma-2021” XVI beynəlxalq konfransın təşkilatçıları sırasındadır.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının növbəti onlayn iclasında müzakirə olunan məsələlərdən biri də XVI beynəlxalq konfransında iştirak ilə bağlı olub.
İnstitutun elmi katibi Mədinə Səidova diqqətə çatdırıb ki, tədbir Rusiyanın Təhsil və Elm Nazirliyinin rəhbərliyi ilə Rusiya Elmlər Akademiyası (REA) “İnformatika və idarəetmə” Federal Tədqiqat Mərkəzi, REA Rəyasət Heyəti yanında Təsvirlərin Analizi və Obrazların Tanınması üzrə Milli Komitə, AMEA İnformasiya Texnologiyaları İnstitutu, Xarkeviç adına İnformasiyanın Ötürülməsi Problemləri İnstitutu, “Elm və texnologiya” Nəşriyyatı, Tomsk Dövlət Milli Tədqiqat Universiteti, “REA-nın Kareliya Elmi Mərkəzi” Federal Tədqiqat Mərkəzi və Cənub-Qərb Dövlət Universiteti tərəfindən təşkil edilir.
Konfransın əhəmiyyətindən bəhs edən məruzəçi artıq 6-cı ildir ki, institutun birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq elmi-texniki konfransa qəbul olunmuş məqalələr haqqında məlumat verib.
Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək, rəhbərlik etdiyi qurumun AMEA-nı bu kimi beynəlxalq elmi konfranslarda yüksək səviyyədə təmsil etməsinin vacibliyindən söz açıb, institutun aparıcı alimlərinin konfransa töhfə verəcəklərinə əminliyini ifadə edib. Akademik, konfransın digər təşkilatçıları ilə elmi əməkdaşlığın genişləndirilməsinin zəruriliyini vurğulayıb.