İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzində ödənişsiz müayinə aksiyası təşkil edilib
Ağcabədi, 30 yanvar, AZƏRTAC
Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi nəzdində Ağcabədi rayonunda fəaliyyət göstərən “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”ndə Bakı şəhərindən dəvət edilmiş “Funda Hospital”ın ortoped-travmatoloqu Ceyhun Vahidli tərəfindən ödənişsiz dayaq-hərəkət sistemi xəstəliklərinin müayinəsi aksiyası həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı “İnklüziv Təhsil və Uşaq İnkişaf Mərkəzi”nin xidmətlərindən bəhrələnən 20 imkansız ailənin uşaqları müayinə edilib və reabilitasiya proqramına cəlb olunub.
GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı bildirib ki, mərkəzdə mütəmadi olaraq inkişaf geriliyi və əlilliyi olan uşaqların müayinə və müalicəsi həyata keçirilir. Bu müayinələr uşaqlara təyin edilən reabilitasiya proqramlarının daha effektiv olması üçün əhəmiyyətlidir. Bundan sonra da bu cür aksiyaların davamlı həyata keçirilməsi nəzərdə tutulur.