İordaniya mətbuatında Azərbaycan XİN-in və bu ölkədəki səfirliyimizin bəyanatları dərc edilib
Əmman, 10 aprel, AZƏRTAC
İordaniyanın nüfuzlu KİV-lərindən olan “Əl-Diyar” qəzetində aprelin 2-dən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin və ölkəmizin İordaniya Krallığındakı səfirliyinin bəyanatları dərc edilib.
Bildirilir ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı və Ermənistanın həmin ərazilərdə qeyri-qanuni hərbi mövcudluğu yaranmış gərginliyin başlıca səbəbidir. Məhz bu amil sülhün bərqərar olunmasına və münaqişənin siyasi yolla həllinə əsas maneədir. Qoşunların təmas xəttindəki gərginliyə görə Ermənistan tam məsuliyyət daşıyır.
Qeyd olunur ki, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Eyni zamanda, bəyanatlarda qoşunların təmas xəttində Ermənistan tərəfindən törədilən son təxribatların bir daha bu ölkənin münaqişənin sülh yolu ilə həllində maraqlı olmadığını nümayiş etdirdiyi və Ermənistanın bu cəhdlərinin status-kvonun saxlanmasına yönəldiyi diqqətə çatdırılıb.
Bildirilib ki, münaqişə yalnız Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll oluna bilər.
Bəyanatlarda, həmçinin bu il aprelin 2-də cəbhəyanı ərazilərdə erməni təxribatları da diqqətə çatdırılıb. Bildirilib ki, bu təxribatlarda cəbhə xəttində məskunlaşan mülki əhali hədəfə alınıb, Ermənistan tərəfindən Azərbaycan Silahlı Qüvvələrinin qoşunların təmas xətti boyunca mövqeləri ağır silahlardan intensiv atəşə məruz qalıb. Erməni silahlı qüvvələrinin artilleriya hücumları nəticəsində bir neçə mülki şəxs həlak olub və yaralanıb. Eyni zamanda ictimai və özəl mülkiyyətə ciddi ziyan vurulub.
Azərbaycan beynəlxalq ictimaiyyəti Ermənistandan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə və beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycan torpaqlarının qeyri-qanuni işğalını dayandırmağı, bütün işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxartmağı və münaqişənin həlli prosesində konstruktivlik göstərməyi tələb etməyə çağırır.
Asya Hacizadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman