“İPƏK YOLU” LAYİHƏSİ MUSİQİÇİLƏRİ BİRLƏŞDİRİR
“İpək yolu” layihəsi çərçivəsində ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi və bu ölkənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıya gəlmiş Nyu-York musiqiçiləri azərbaycanlı həmkarları ilə yaxından tanış olmuşlar.
Əvvəlcə Milli Konservatoriyanın tələbə və müəllimləri konsert proqramı ilə çıxış etmişlər. Sonra bir neçə olkənin müsiqiçilərini birləşdirən “İpək yolu” ansamblının bir qrupu - Jonathan Ganselsman (skripka), Colin Yacobsen (skripka), Nicholas Cords (alt), Eric Yacobsen (violençel) dünya ölkələrinin musiqilərini səsləndirmişlər.
“İpək Yolu” proqramının direktoru İsabelle Hunter demişdir ki, 1998-ci ildən həyata keçirilən layihənin məqsədi Qərb və Şərq mədəniyyətini, Böyük İpək Yolu boyunca yerləşən ölkələrin musiqisini bir-birinə yaxınlaşdırmaqdır. Hər hansı ölkənin, millətin musiqisi ilə tanışlığın ən yaxşı üsulu həmin ölkəyə səfər edib, onlarla birbaşa ünsiyyət yaratmaq, təcrübə mübadiləsi aparmaq və dostlar qazanmaqdır. Azərbaycan musiqisi ilə, dünya şöhrətli muğam ustası Alim Qasımovla və onun tələbələri ilə yaxından tanış olmaq, bu təcrübəni ABŞ-a aparmaq imkanı qazandıq. Bu görüş bizdə böyük təəssürat yaratdı və bunun nəticəsi olaraq, həmin layihəni davam etdirəcəyik.