İqtisadçı-alim: Azərbaycanın qlobal layihələri iqtisadi inkişafın yüksək templə davam etməsinə zəmin yaradır
Bakı, 19 iyun, AZƏRTAC
Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra yeni reallıqlar yaradaraq ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını qoyub. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi islahatlar, infrastruktur layihələrinin reallaşdırılması və ölkəyə cəlb olunan 350 milyard dollar həcmində investisiyalar yeni iş yerlərinin açılmasına, əməkhaqlarının artmasına və əhalinin sosial rifahının yüksəlməsinə şərait yaradıb.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində iqtisad elmləri üzrə fəlsəfə doktoru Mehriban İmanova söyləyib. O bildirib ki, ötən ilin iqtisadi nəticələri perspektivdə inflyasiyanın azalacağını və əhalinin sosial vəziyyətinin daha da yaxşılaşacağını deməyə əsas verir.
“Hazırda qeyri-neft sektorunun ümumi daxili məhsuldakı (ÜDM) payının 70 faizdən çox olması, xarici dövlət borcunun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, yoxsulluq və işsizlik səviyyəsinin təxminən 5 faizə enməsi Azərbaycan iqtisadiyyatını fərqləndirən əsas göstəricilərdir”,- deyə M.İmanova vurğulayıb.
Onun sözlərinə görə, 2025-ci ildə qeyri-neft sektorunda daha dinamik inkişaf müşahidə olunur. Xüsusilə xidmətlər, ticarət, nəqliyyat və logistika sahələri iqtisadi fəallığın əsas mənbələrindən birinə çevrilib. “Daxili istehlakın qorunması, dövlət investisiyalarının davam etməsi və regionlarda iqtisadi aktivliyin artması bu sahələrdə inkişafı stimullaşdıran əsas amillərdir. Bu tendensiya göstərir ki, iqtisadi artım tədricən daha çox daxili resurslara və daxili tələbə söykənməyə başlayır”, - deyə alim qeyd edib.
M.İmanova bildirib ki, texnologiyatutumlu istehsalın məhdudluğu və məhsuldarlıq səviyyəsindəki qeyri-bərabərlik hələ də əsas çağırışlar sırasındadır. Bununla yanaşı, bərpaolunan enerji sektoru ölkə iqtisadiyyatı üçün böyük potensiala malik istiqamətlərdən biridir. “Artıq beynəlxalq və yerli şirkətlərlə imzalanmış müqavilələr 2032-ci ilədək Azərbaycana 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal gücü qazandıracaq. Qarabağ, Naxçıvan və Abşeron yarımadasında həyata keçirilən alternativ enerji layihələri qlobal əhəmiyyət daşıyır. İstehsal olunan enerjinin Avropaya ixracı da nəzərdə tutulur ki, bu da Azərbaycanın dünya enerji bazarındakı rolunu daha da gücləndirəcək”, - deyə o vurğulayıb.
İqtisadçı qeyd edib ki, Prezident İlham Əliyev Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxışı zamanı bərpaolunan enerji sahəsinin strateji əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət başçısının sözlərinə görə, 2032-ci ilədək nəzərdə tutulan 8 giqavatlıq enerji gücü minimum göstəricidir və gələcəkdə bu rəqəmin daha da artacağı gözlənilir. Hazırda Azərbaycanın əsas hədəflərindən biri enerji ixracı üçün zəruri ötürücü xətlərin yaradılması və Avropa bazarlarına çıxış imkanlarının genişləndirilməsidir.
“Prezidentin çıxışından da göründüyü kimi, bu layihələr uzunmüddətli perspektivə hesablanıb və Azərbaycanın enerji təhlükəsizliyi ilə yanaşı, iqtisadi inkişafına da mühüm töhfə verəcək”, - deyə M.İmanova bildirib.
O əlavə edib ki, dünyanın müxtəlif regionlarında davam edən hərbi münaqişələr qlobal iqtisadiyyata mənfi təsir göstərsə də, Azərbaycanın həyata keçirdiyi iqtisadi siyasət ölkəni mümkün risklərdən qorumağa imkan verib. Orta Dəhliz və onun tərkib hissəsi olan Zəngəzur dəhlizi, Avropanın 16 ölkəsinə qaz nəqlini təmin edən Cənub Qaz Dəhlizi, Mərkəzi Asiya-Xəzər-Qara dəniz yaşıl enerji dəhlizi və digər beynəlxalq layihələr Azərbaycanın iqtisadi inkişafının gələcəkdə də yüksək templə davam etməsinə zəmin yaradır.