İqtisadçı alim sahibkarlığın inkişafının ölkəmizdə innovativ iqtisadiyyatın formalaşmasına müsbət təsirlərindən danışıb
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın rolu” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, bu ali təhsil ocağının biznes və menecment fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda müəllimlərlə yanaşı, dövlət və özəl qurumların nümayəndələri də iştirak ediblər.
Konfransda biznes və menecment fakültəsinin dekanı, dosent Mirağa Əhmədov diqqətə çatdırıb ki, kiçik və orta sahibkarlığın inkişafı Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların əsas prioritetlərindəndir. Vurğulanıb ki, Prezident İlham Əliyevin təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi” kiçik və orta sahibkarlığın dövlət tərəfindən təşviqini və dəstəklənməsini xarakterizə edən əsas faktorlardan biridir. O, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyinin yaradılmasını institusional və struktur islahatlarının tərkib hissəsi kimi dəyərləndirib.
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov regional proqramlar və investisiya layihələrinin hazırlanması və həyata keçirilməsində təmsil etdiyi qurumun gördüyü işlərdən danışıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı alim Vüqar Bayramov kiçik və orta sahibkarlığın inkişafının Azərbaycanda innovativ iqtisadiyyatın formalaşmasına müsbət təsirlərindən bəhs edib. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycanın dünyanın ən innovativ ölkələrindən biri kimi qiymətləndirildiyini xatırladan alim bunun ölkəmizdə resurs iqtisadiyyatından innovativ iqtisadiyyata transferin reallaşdığından xəbər verdiyini vurğulayıb.
Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin əsas hədəflərindən birinin kiçik və orta sahibkarlığın inkişafı olduğunu bildirən Azərbaycan Sığortaçılar Assosiasiyasının sədri Mustafa Abbasbəyli bu sahədə həyata keçirilən islahatlar barədə məlumat verib.
“Kapital Bank”ın komplayens departamentinin meneceri Kamil Lətifov kiçik və orta sahibkarlığın inkişafında bank sektorunun rolundan bəhs edib.
Sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Konfrans işini panel müzakirələrdə davam etdirib.