İqtisadi problemlərin həllində özəl biznesin rolu artır
Bakı, 26 aprel, AZƏRTAC
“Biz BMT ilə özəl biznes arasında yeni dialoqun başlanmasına ümid edirik. Çünki bu gün beynəlxalq səviyyəli iqtisadi problemlərin həllində özəl biznesin rolu artır”. Bunu AZƏRTAC-a müsahibəsində “Müstəqil maliyyə məsləhətçiləri konvensiyası” təşkilatının baş katibi Jan-Pyer Dissan deyib.
O qeyd edib ki, müasir dövrdə mülki cəmiyyət və özəl biznes arasında ciddi toqquşma hallarında iqtisadi və onu müşayiət edən məsələləri həll etmək qeyri-mümkündür. Jan-Pyer Dissan deyib: “İqtisadi problemlərin həllində özəl biznesin rolu artır və biz bununla hesablaşmaya bilmərik. Daimi, möhkəm və təhlükəsiz inkişaf naminə cəmiyyətin bizneslə qarşılıqlı əlaqələrinin tənzimlənməsinə yeni mexanizmlər tətbiq etmək lazımdır”.
Jan-Pol Dissanın fikrincə, bu əməkdaşlığın həyata keçirilməsi üçün dünyanın müxtəlif ölkələrinin rəhbərliyinin müvafiq razılaşdırılmış dəstəyi lazımdır. Bu dəstək qanunvericilik bazasına düzəlişlər və onun icrasının təmin edilməsi şəklində olmalıdır.
Bundan əlavə, Jan-Pol Dissan özəl sektorun cəmiyyətə pozitiv təsirini nəzərdə tutan sosial məsuliyyətli biznes atmosferinin yaradılmasının zəruriliyini vurğulayıb.