MƏDƏNİYYƏT
İradə Qədirova: Ölkəmizdə turizm sahəsində pandemiyanın yaratdığı çətinliklər aradan qaldırılır
Bakı, 6 aprel, Emil Məlikov, AZƏRTAC
Bildiyimiz kimi Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2023”) sərgisi hər il təşkil olunur. Lakin məlum pandemiya səbəbindən sərgi bir neçə il təxirə salınmışdı. Sərginin yenidən fəaliyyətə başlaması turizmçilər üçün böyük hadisə oldu. Sərginin əhəmiyyəti ondadır ki, burada turizmçilər, turizm şirkətləri, həmçinin bu sahəyə aid olan digər insanlar bir məkanda birləşirlər. Sərginin artıq üçüncü yekun gününə keçdik və assosiasiya olaraq iki gün panel müzakirələrdə aktiv şəkildə çıxış etdik. Həm yerli turizmin perspektivlərindən, eyni zamanda vizalardan söhbət açdıq. Səyahət blogerlərimiz bu istiqamətdə maraqlı mövzulara toxunaraq, geniş formatda çıxışlar etdilər.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Turizm Blogerleri Assosiasiyasının sədr müavini İradə Qədirova deyib.
“Hər il Azərbaycan müəyyən qədər turist gəlir və son vaxtlar ölkəmizdə rusiyalı turistlərin çoxluğunu müşahidə edirik. Çox sevindirici haldır ki, artıq pandemiya tamamilə bitib, çox çətin bir dövrdən keçdik. Hazırda ölkəyə giriş zamanı COVID pasportunun ləğv olunması pandemiyadan sonrakı dövr anlayışının bitdiyinə işarədir. Mütəmadi olaraq “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən yeni reyslər açılır və bir çox başqa ölkələrin şirkətləri ilə əməkdaşlıqlar qurulur. Bu o deməkdir ki, artıq həm xarici turistləri qəbul etməyə hazırıq, həmçinin yerli turistlərin də xarici səfərlərə çıxmasında çətinliklər aradan qaldırılır”, - deyə İ.Qədirova vurğulayıb.