İRAN İSLAM RESPUBLİKASININ İMDAD KOMİTƏSİ AZƏRBAYCANA HUMANİTAR YARDIM GÖNDƏRMİŞDİR
İran İslam Respublikasının Bakıdakı səfirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, İmam Xomeyni adına İmdad Komitəsi noyabrın 27-də Azərbaycana 130 ton humanitar yardım gətirəcəkdir. Düyü, bitki yağı, makaron və digər ərzaq məhsullarından ibarət həmin yardım doğma ev-eşiyindən didərgin düşmüş qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulmuşdur.
Bundan əlavə, komitə ölkəmizə yaxın gələcəkdə un, şəkər, habelə 100 gənc ailə üçün nəzərdə tutulan cehiz əşyalarından və 10 min şagird üçün məktəb ləvazimatından ibarət daha bir humanitar yardım göndərəcəkdir.