İrandan Azərbaycana 8 kiloqramdan çox narkotik vasitə keçirilməsinin qarşısı alınıb
Bakı, 25 iyun, AZƏRTAC
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.
Bu barədə AZƏRTAC-a Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 24-də saat 23:10-da DSX-in Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirilməsinin qarşısı alınıb. Ümumi çəkisi 8 kiloqram 200 qram narkotik vasitə aşkarlanaraq götürülüb.
Keçirilən əməliyyat tədbiri nəticəsində dövlət sərhədindən narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan Beyləqan rayon sakini 1987-ci il təvəllüdlü Zeynalov Həsən Fərman oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.