İRANIN MİLLİ BAYRAMI ŞƏRƏFİNƏ
Azərbaycan Respublikasının və İran İslam Respublikasının dövlət himnləri səslənmişdir.
İranın Azərbaycandakı səfiri Əfşar Süleymani qəbulda çıxış edərək, inqilabdan ötən 27 ildə ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, bu illər ərzində İranın iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olduğunu, dünya birliyində layiqli yerini tutduğunu vurğulamışdır.
Diplomat dost və qonşu ölkələr olan İran ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyədə keçirilən görüşlər və danışıqlar Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan Prezidenti İlham Əliyevin İrana rəsmi səfəri və İran Prezidenti Mahmud Əhmədinejadın Naxçıvan Muxtar Respublikasına səfəri əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dostluq və mehriban qonşuluq münasibətlərində yeni mərhələ açmışdır.
Səfir demokratiya yolu ilə dinamik inkişaf edən müstəqil Azərbaycan Respublikasına, xalqımıza yeni-yeni uğurlar arzulamışdır.
Sonra Milli Məclisin sədri Oqtay Əsədov çıxış edərək əlamətdar gün münasibətilə bütün İran xalqını Azərbaycan Prezidenti İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırmışdır. O demişdir ki, son illər dövlətlərimiz arasında bir çox mühüm sənədlər imzalanmışdır. İqtisadi və mədəni sahələrdə əməkdaşlığımızın inkişaf perspektivləri həmin sənədlərdə öz əksini tapmışdır.
Azərbaycan və İran parlamentləri arasında da əlaqələr genişlənir. Azərbaycan Prezidentinin ötən ilin yanvarında İrana rəsmi səfəri zamanı əldə olunmuş razılaşmaların, imzalanmış sənədlərin həyata keçirilməsi ölkələrimizin qarşılıqlı əlaqələrinin inkişafına yeni təkan vermişdir.
Rəsmi qəbul İran İslam Respublikası haqqında sənədli filmin nümayişi ilə başa çatmışdır.
Prezidentin İcra Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, nazirlər, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların ölkəmizdəki təmsilçiləri, paytaxt ictimaiyyətinin nümayəndələri qəbulda iştirak edirdilər.